top of page
volosy-585x354.jpg

SAÇTÖKÜLMƏNİN SƏBƏBLƏRİ və PROFİLAKTİK MƏSLƏHƏTLƏR.

Hər bir insan gün ərzində orta hesabla  50-dən 100-ə qədər saç itirir. Saçın  başda ömrü 3 ildən 7 ilə qədərdir. Bundan sonra isə saçlar tökülməyə hazırlıq mərhələsinə-katagen fazaya  keçir. Bu dövr 2-4 həftə davam edir. Nəhayət tökülmə fazası başlayır ki, bu müddət  3-4 ay müddətində başa çatır. Başda olan saçların  90%-i aktiv fazada olub daim böyüyür. Digər 10%-i  isə sakit  fazada olur və belə saçlar böyümür. Yaş artdıqca tökülən saçların yerinə yeniləri çıxmır və beləliklə başda olan saçlar seyrəkləşir.

Saçların tökülməsi fizioloji patoloji olmaqla iki yerə ayrılır.

Fizioloji saçtökülməyə yaz və payız aylarında saçların tökülməsini, qadınlarda hamiləlik və ondan sonra, südvermə  zamanı baş verən saçtökülmələrini göstərmək olar.

Patoloji saçtökülmə alopesiya adlanır.

 

Alopesiya saçların başın və ya bədənin müəyyən hissəsindən patoloji tökülməsidir. Bunun 4 növü vardır:

1.Androgenik

2.Diffuz

3.Ocaqlı

4.Çapıq

Androgenik alopesiya

Bu kişi tipli keçəlləşmədir. Bu zaman saçlar təpə və alın nahiyəsindən tökülür. Statistikaya görə kişilərin saçtökülməsi  95% hallarda  bu səbəbdən baş verir.

Diffuz alopesiya

Bu tip saçtökülmə zamanı saçlar həm kişilərdə  həm də qadınlarda bərabər şəkildə tökülür. Saçların tökülməsi hər hansı bir neqativ prosesin təsiri ilə baş verir. (stress, vitamin-mineral çatmamazlığı, genetik faktor və s.)

Ocaqlı alopesiya

Bu tip saçtökülmə zamanı saçların  follikul hüceyrələri  immun  müdafiə  faktorları ilə zədələnir və saçlar başın müəyyən hissəsində dairə şəklində tökülür. Bu hal vaksinasiya, virus infeksiyası, antibiotikoterapiya  və  s. nəticəsində  yarana  bilir.

Çapıq alopesiya

Belə  xəstələrdə  zədələnmiş  tük  follikulunun  yerində  birləşdirici  toxuma  yaranır. Bu alopesiyanın səbəbi infeksiyalar (virus, bakteriya, göbələk), müxtəlif travmalar (fiziki, istilik, kimyəvi) ola bilər.

Saçların tökülməsini təyin etmək üçün sadə test.

Bunun üçün sadəcə tökülmüş tükün ucuna baxmaq kifayət edir. Əgər tükün kökündə qara rəngdə kisəcik yoxdursa onda narahatçılığa ehtiyac yoxdur. Yox əgər tükün kökündə qara rəngdə kisəcik vardırsa, onda saçlar 3 gün ərzində yuyulmur, bundan sonra gicgah və təpədə saçlar əl ilə dartılır. Əgər bu zaman əldə kisəciyi olan 5-dən çox tük qalırsa bu o deməkdir ki, sizdə müəyyən patologiya vardır və saçınızın tökülməsinin səbəbini müəyyən edərək müvafiq tədbir görmək lazımdır.

 

SAÇTÖKÜLMƏSİNİN  SƏBƏBLƏRİ

1.İmmunitet çatışmazlığı

Bu zaman  saçların tökülməsi orqanizmin zəifləməsi, yaxud orqanizmin həddən artıq güclü rejimdə işləməsi səbəb ola bilər. Bir çox qadınlar doğuşdan sonra, yaxud südvermə zamanı saçların tökülməsindən şikayət edirlər. Bundan başqa tez-tez respirator, infeksion xəstəliklərin keçirilməsi də saçtökülməyə səbəb ola bilir.

Nə etməli?

Bunun qarşısını almaq üçün hər hansı diyetdən uzaq durmaq yaxşı qidalanmaq, qida rasionunu meyvə-tərəvəzlə zəngin etmək, mütəmadi idmanla məşğul olmaq və hər gün təmiz havada gəzmək lazımdır.

 

2.Dəmir çatışmazlığı

Dəmir çatışmazlığı da saçların zəifləməsi və tökülməsinə səbəb olur.

Nə etməli?

Bu halların qarşısını almaq  üçün tərkibində dəmir olan qaraciyər, balıq, mal əti, yumurta, qara çörək, qarabaşaq kimi qidalardan, alma, nar kimi meyvə şirələrindən, çuğundur, yerkökü və s. tərəvəzlərdən gündəlik qida rasionunda istifadə  etmək lazımdır.

 

3.Müxtəlif dərman preparatlarına qarşı reaksiya

Müxtəlif dərman preparatlarının qəbulu saçların müvəqqəti  tökülməsinə  səbəb  ola bilər. Bunlardan saçların ən çox tökülməsinə səbəb olan xərçəng xəstəliyinə qarşı aparılan kimyəvi terapiyadır. Bundan başqa qan təzyiqinə qarşı, hamiləlik əleyhinə , seroid, antidepresantlar, sidikqovucular  və  aspirin kimi dərman preparatları  da  saçların tökülməsinə səbəb ola bilər.

Nə etməli?

Adətən müalicə kursu bitən kimi saç örtüyü tədricən  bərpa olur - bəzi hallar istisna olmaqla məs: ağır gedişli xərçəng xəstəliyi. Belə hallarda həkimlə məsləhətləşmək lazımdır.

 

4.Hormonal dəyişiklik və hormonal preparatların qəbulu

Orqanizmdə hormonal nisbətin pozulması saçların tökülməsinə səbəb olur. Qadınlarda saçların tökülməsinə orqanizmdə baş verən hormonal dəyişikliklər,(məsələn qadınlarda kişi hormonu olan testosteronun artıqlığı) hamiləlik, doğuşdan sonrakı dövr, menopauza dövrü  səbəb ola bilər. Saçtökülmə endokrin sistem pozğunluqları, şəkərli diabet və yod defisiti  nəticəsində də əmələ gələ bilər. Qalxanabənzər vəzi saç follikullarının bərpası prosesinə dəstək olur. Hipotireoz baş verdikdə, hormon çatışmazlığı  follikulların bərpası prosesini dayandırır. Bir müddətdən sonra saçların çox hissəsi tökülür.

Nə etməli?

Həkim-endokrinoloqa müraciət etmək, qalxanabənzər vəzini yoxlatdırmaq, qanın biokimyəvi və hormonal analizlərini vermək lazımdır. Həkimlə məsləhətləşmədən sonra uyğun dərman preparatlarını qəbul etmək lazımdır. Bu endokrin sistemin və saçların sağlam qalması üçün vacibdir.

 

5.Başın dərisinin müxtəlif infeksion xəstəlikləri

Baş  dərisinin müxtəlif infeksion xəstəlikləri də(dermatit) saçların tökülməsinə səbəb ola bilər. Dermatitə həm daxili, həm də xarici törədicilər səbəb ola bilər. (məs:allergik reaksiyalar)

Nə etməli?

Dermatitin yaranma səbəbi müəyyən edilməli və müalicə olunmalıdır.

 

6.Saç  köklərinin və baş dərisinin qan təminatının pozulması

Başın dərisinin qan təchizatının pozğunluğu saçtökülmə səbəblərindən biridir. Buna səbəb kimi ürək-damar sistemi xəstəliklərini, həmçinin çox miqdarda tərkibində kofein olan içkilərin: kofe, tünd çay qəbulunu göstərmək olar. Bu içkilərin təsiri nəticəsində damarlar kəskin daralır və baş dərisinin qan təchizatı pozulur.

Nə etməli?

Gün ərzində 1-2 fincan kofe ilə qənaətlənmək, idmanla məşğul olmaq, oturaq həyat tərzindən uzaqlaşmaq və hər gün təmiz havada gəzmək lazımdır.

 

7.Vitamin və mikroelemet çatışmazlığı

Belə hallar xüsusilə yaz aylarına təsadüf edir. Vitamin və mikroelement  çatışmazlığı nəticəsində saç follikularının qidalanması pozulur. Bu da saçların  zəifləməsinə və tökülməsinə səbəb olur.

Nə etməli?

Yaz aylarında qida rasionunda  təzə mevə-tərəvəz  əskik olmamalıdır. Həm də  həkimlə məsləhətləşərək vitamin-mineral  kompleksi qəbul etmək məqsədəuyğundur.

 

8. Stresin təsiri

Saçların tökülməsinin sürətlənməsi evdə və işdə keçirilmiş stresin nəticəsində ola bilər. Əgər bu hal 1-2 dəfə baş verirsə orqanizm bunun öhdəsindən gələ bilir. Lakin bu halların daimi olması baş dərisində olan damarların daralmasına, baş dərisində qan dövranı pozğunluğuna və saçların intensiv tökülməsinə gətirib çıxarır.

Nə etməli?

Bu zaman antidepressant qəbulu o qədər də vacib deyil. Ballınanə (melissa), nanə, pişikotu, damotu  preparatları qəbul etmək  məsləhətdir. Bitki çayları da bu hallarda yaxşı təsir göstərir. Belə hallarda nanə və çobanyastığından hazırlanmış vanna qəbul etmək məqsədəuyğundur. Daha yaxşısı isə hər gün  işdən sonra istirahət etmək lazımdır. Belə ki, daimi yorğunluq yenə də stres hallarına gətirib çıxarır.

 

9. Ətraf mühitin zərərli təsiri

Saçlara ətraf mühit də böyük təsir göstərir. Ətraf mühitdə çirkli havanın, tozun, günəş şüalarının təsiri saçların parlaqlığının itməsinə, onların zəifləməsinə, nazikləşməsinə və tökülməsinin artmasına səbəb olur.

Nə etməli?

Daha yaxşısı ekoloji təmiz rayona köçməkdir. Həmçinin təmiz qidalar qəbul edilməli, stres və xroniki xəstəliklərdən  qaçılmalıdır. Bu halda siz ətraf mühitin zərərli  təsirinə qarşı daha dözümlü olarsınız.

 

10. Yüksək və aşağı temperatur

Bu problem həm uşaqlarda, həm də böyüklərdə müşahidə oluna bilər. İstər yay, istərsə qış  aylarında  temperaturun  dəyişməsi, günəş şüaları altında və yağışlı-qarlı  havada  baş  örtüksüz  gəzmək  saçların tədricən tökülməsinə səbəb olur.

Nə etməli?

Qışda soyuq aylarda baş örtüksüz gəzmək məsləhət deyil. Yay aylarında isti havada da günün altında yüngül baş örtüyü geyinərək günəş şüalarından qorunmaq lazımdır. Dənizdə çimərkən gün altında deyil, çətirlərin altında dincəlmək lazımdır.

 

11. Hamiləlik və südvermə zamanı saçtökülmə

Qadın orqanizmində  həm hamiləlik dövründə  həm də doğuşdan sonrakı dövrdə qida maddələrinə  ehtiyac artır. Bu dövrdə  qidalanmanın normal olmaması,  keçirilən hər hansı  bir xəstəlik,  anemiya və s. çatmamazlıqlara səbəb olur. Bunlar bir çox hallarda saçların tökülməsinə gətirib çıxarır.

Nə etməli?

Bunun üçün hamilə qadınlar bütün hamiləlik boyu və doğuşdan sonrakı dövrdə normal qidalanmalı, tərkibində dəmir və digər mikroelemetlər olan meyvə-tərəvəzdən yetərincə  qəbul  etməli, daha çox təmiz havada olmalıdırlar.

 

12. Diyeta

Uzunmüddətli ciddi diyeta və bədən çəkisinin qısa müddətdə çox miqdarda itirilməsi orqanizmin ümumi zəifləməsinə o cümlədən saçların da tökülməsinə səbəb ola  bilər. Orqanizmdə piy toxuması müəyyən edilmiş funksiyaları həyata keçirir o cümlədən

vitamin və mineralların mübadiləsində  iştirak edir. Buna görə arıqlama zamanı saçtökülmə halları çox olur.

Nə etməli?

İstənilən diyeta zamanı vitaminlərin qəbulu məqbul sayılır. Arıqlamaq üçün saxlanılan diyeta zamanı vitamin və mikroelement qəbulunu davam etdirmək, mineral sulardan çox istifadə etmək, meyvə və tərəvəzlərdən yetərincə qəbul etmək lazımdır.

 

13.İrsi faktor

Saçların tökülməsındə follikulların androgen hormonlara həssaslığı irsi olaraq müəyyən edilir. Belə hesab edilir ki, saçların tökülməsi 70 -75% hallarda ana xətti ilə və yalnız 20% halda ata xətti ilə irsi olaraq genlərlə ötürülür. Bu prosesin qarşısını almaq mümkün deyil, amma saçtökülmənin  müddətini  uzatmaq  mümkündür.

Nə etməli?

İlk öncə zərərli vərdişlərdən (siqaret, spirtli içki) uzaq qaçılmalıdır. Qida rasionu zəngin olmalı və sağlam həyat tərzinə daim diqqət yetirilməlidir. Saçlar daim ətraf mühitin neqativ təsirlərindən mühafizə olunmalı, yay və qış aylarında baş örtüksüz gəzilməməlidir.

 

SAĞLAM ORQANİZMDƏ PARLAQ , GUR VƏ GÖZƏL SAÇLAR OLUR,

ONA GÖRƏ DƏ ÇALIŞIN HƏMİŞƏ SAĞLAM OLUN VƏ GÖZƏL QALIN!

© 2017 ArganVita

bottom of page