

Kəpəklənmənin səbəbləri, müalicəsi və profilaktikası
Kəpəklənmə baş dərisinin yenilənməsi zamanı dəri hissəciklərinin qoparaq ayrılmasıdır. Baş dərisi hüceyrələri təxminən 3-4 həftədən bir yenilənir. Bu normal fizioloji proses olub tədricən və hissolunmadan davam edir. Ancaq stres, xroniki xəstəliklər, düzgün olmayan qidalanma və s. səbəblərdən yaranan maddələr mübadiləsi pozğunluğu nəticəsində həm bu proses həftədə bir dəfəyə qədər azalır, həm də baş dərisində olan yağ vəzilərinin fəaliyyəti artır. Nəticədə ölmüş hüceyrələr yağla birləşərək təbəqələşir, fərqli forma, ölçü və rəngdə kəpək hissəcikləri əmələ gətirir. Statistikaya görə yer üzündə 12 yaşdan böyük insanların hər 3 nəfərindən birində kəpəklənmə əmələ gəlir.
Kəpəklənmənin iki növü var:
• Quru kəpəklənmə
• Yağlı kəpəklənmə
Bunların hər biri müvafiq saç tipində yağ vəzilərində yağ ifrazının miqdarının artıb- azalması və yağın kimyəvi tərkibinin dəyişməsi ilə əmələ gəlir.
Quru kəpəklənmə çox sayda xırda ağ hissəciklərin əmələ gəlməsi ilə xarakterizə olunur. Yağ vəzilərinin sekresiyasının azalması sayəsində dərinin quruluğu və soyulması artır, əmələ gələn kəpək bütün saçlara yayılır.
Yağlı kəpəklənmə sarımtıl rəngdə, bir birinə yapışmış iri dəri hissəcikləri şəklində özünü göstərir. Yağ vəzilərinin sekresiyasının artması sayəsində dərinin soyulması sürətlənir, əmələ gəlmiş yağlı dəri hissələcikləri bir-biri ilə yapışır və bütün başa yayılaraq iri yağlı kəpək əmələ gətirir.
Kəpək müxtəlif xəstəliklər nəticəsində və həm də yetkinlik yaş dövründə əmələ gələ bilər. Bütün hallarda onun yaranmasının əsas səbəbi yağ vəzilərinin fəaliyyətinin pozulmasıdır.
Kəpəklənmənin əmələ gəlmə səbəbləri:
• Dəri xəstəlikləri
• Daxili və xarici səbəblər
Dəri xəstəlikləri səbəbli kəpəklənmə göbələk və seboreya nəticəsindsə əmələ gəlir.
Göbələk
Adi halda hər bir insanın baş dərisində olan və heç bir əlamətlə özünü göstərməyən Malassezia Furfur göbələyi kəpəyin əmələ gəlməsinə səbəb ola bilər. Şərait yarandıqda göbələklər intensiv olaraq çoxalmağa başlayır, bu zaman yaranan ölü hüceyrələr kəpəyə səbəb olan lövhəciklərdə toplanır və qaşınmaya səbəb olur.
Göbələyin aktivləşməsinə əsasən stress, düzgün olmayan qidalanma, hormonal dəyişikliklər (hamiləlik, cinsi yetişkənlik dövrü, klimaks dövrü və s.) nəticəsində yağ vəzilərinin işinin pozulması səbəb olur. Həmçinin saçlara qulluğun düzgün olmaması (saçların tez-tez rənglənməsi, kimyəvi maddələrin istifadəsi, isti və soyuq havalarda baş örtüklərindən normal istifadə olunmaması, saçların tez-tez fenlə qurudulması və s.) baş dərisinin mikroflorasını pozaraq göbələyin çoxalmasına səbəb olur.
Seboreya
Seboreya kəpəyin əmələ gəlməsinə səbəb olan əsas xəstəliklərdən biridir. Çox hallarda seboreya və kəpəklənməni eyni xəstəlik hesab edirlər. Çünki seboreya həm yağ vəzilərinin işini pozur, həm də onların sekresiyasının pozulması nəticəsində əmələ gəlir ki, nəticədə də kəpəklənmə yaranır. Lakin, kəpəklənmə seboreyanın simptomlarından yalnız biridir.
Seboreyanın da üç növü var:
• Qatı yağlı seboreya
• Duru yağlı seboreya
• Quru seboreya
Bunların hər biri spesifik xüsusiyyətlərə malikdir və müəyyən bir kəpək növünə səbəb olur.
Qatı yağlı seboreya
Bu zaman tüklər sərt və quru olur, daranmır, baş dərisi elastikliyini itirir, qalınlaşır və ağ-bozumtul rəng alır. Dərinin rəngi tünd boz, yağ vəzilərinin ağzı genişlənmiş, saçlar sıx və kobud olur. Bir sıra hallarda yağ vəzilərinin axacağı dəri hüceyrələri ilə tutulur. Seboreyanın bu növündə tez-tez ateromaya-yağ vəzilərinin kistlərinə rast gəlinir. Bu növ seboreya əsasən kişilərdə cinsi yetişgənlik dövründə yaranır və çox hallarda 25 yaşdan sonra tədricən keçir.
Duru yağlı seboreya
Seboreyanın bu forması zamanı dəri apelsin qabığını xatırladır. Yağ vəzilərinin genişlənmiş axacağından çoxlu miqdarda yağ ifraz olunur. Başda saçlar parıldayır, yuyulduqdan sonra 1-2 gün ərzində yenidən yağlanır. Saçlar bir-birinə yapışır və sarı rəngdə dəri qabıqlanması yaranır. Seboreyanın bu formasının ağırlaşması zamanı furunkulyoz, tük follikularının iltihabı və irinləməsi ola bilər.
Quru seboreya
Quru seboreya zamanı dərinin quruluğu görünüşü yaranır. Yağ vəzilərinin ifraz etdiyi yağ çox qatı olduğundan çətinliklə xaric olur. Dəri bu halda çox həssas olur və tez qıcıqlanır. Kəpək dəri və saçların üzərini örtür və asanlıqla tökülür, qaşınma müşahidə olunur. Bəzən kəpəklər bir-biri ilə birləşərək böyük ağ-bozumtul və ya boz-sarımtıl rəngli qabıqlanma əmələ gətirir. Qabıqlanma başın tüklü hissəsində yaranır. Saçlar quru, tez sınan və ucları haçalanmış şəkildə olur.
Daxili və xarici səbəblər
Bir çox hallarda kəpəklənmə daxili və xarici amillərin təsiri ilə əmələ gəlir.
Daxili (Endogen) səbəblər:
• Vitamin və mineral çatışmazlığı
• İmmunitet zəifliyi
• Hormonal disbalans
• Metabolik proseslərin pozulması
• Bağırsaq dysbiozu, digər mədə-bağırsaq xəstəlikləri
• Nevroloji problemlər
• Allergik reaksiyalar
• HİV infeksiyası
• Genetik meyllik
Xarici (Eksogen) səbəblər:
• Aşağı keyfiyyətli və ya yararsız şampunlardan istifadə
• Kimyəvi boyalarla saçların daimi boyanması
• Saçların fenlə tez-tez qurudulması
• Düzgün olmayan pəhriz, zərərli qidalar
• Xroniki yorğunluq
• Siqaret və alkoqoldan istifadə
Bütün bu amillər orqanizmdə yağ vəzilərinin işinə təsir edir və kəpəyin əmələ gəlməsinə səbəb olur.
Saçların tez-tez yuyulması yağ vəzilərinin işinə pis təsir edir və saçlar tez yağlanır. Dermatoloqlar başı həftədə 2 dəfə yumağı məsləhət görürlər.
Saçları yuyarkən saçın dibini dırnaqla qaşımaq yox, barmaq ucları ilə dairəvi hərəkətlərlə masaj etmək lazımdır.
Kəpəklənmənin müalicəsi və profilaktikası
Bu məqsədlə ilk növbədə həkim-trixoloqa müraciət etmək lazımdır.
Kəpəklənmənin diaqnozu olduqca sadədir. Ən vacib olan Malassezia Furfur göbələyinin aktivləşməsinə səbəb olan amili tapmaqdır.
Yaxşı nəticə almaq üçün kəpəklənmənin müalicəsi kompleks olaraq aparılmalıdır. Həyat tərzini dəyişdirmək və saçlara düzgün qulluq etmək lazımdır.
• İlk növbədə saça və baş dərisinə yeni qulluq vasitələri təyin edilir
• Bir müddət “kimyadan” saçların rənglənməsindən imtina etmək lazımdır. Bitki tərkibli rəngləyicilərdən (xınalardan) istifadə etmək olar. Onlar saçı möhkəmlədir və dərini zədələmir.
• Başı yuyarkən diqqət yetirmək lazımdır ki, su cod olmasın. Suyun temperatu çox isti olmamalıdır. Qaynar su yağ vəzilərinin işini stimullaşdırır və yag ifrazını artırır. Ona görə də başı ilıq su ilə yumaq lazımdır.
• Daraq ağac materialdan hazırlanmış olmalıdır. Bu da müntəzəm olaraq sabunla və isti su ilə yuyularaq təmizlənməli, ayda 1 dəfə dəyişdirilməlidir.
• Saçları fenlə qurutmamaq məsləhətdir. İmkan daxilində saçları otaq temperaturunda qurutmaq lazımdır. Fendən istifadə qaçılmaz olduqda isə minimum temperaturda aşağı rejimdə istifadə edilməlidir və başdan 30 santimetrdən uzaq tutmaq lazımdır.
• Əgər saçlara lak və köpüklərdən istifadə edilirsə, onların tərkibində qıcıqlandırıcı maddələrin olmadığından əmin olmaq lazımdır.
• Başı qaşımaq olmaz. Qaşınma olsa belə qaşımamaq lazımdır. Bu zaman baş dərisini barmaq ucları ilə dairəvi hərəkətlərlə massaj etmək lazımdır. Massaj həm qaşınmanı aradan qaldıracaq, həm də qan dövranını artıraraq baş dərisinin qidalanmasını yaxşılaşdıracaq.
• Qidalanmaya diqqət yetirmək lazımdır. Heyvani yağların, karbohidratların, ədviyyatın, xörək duzunun, kəskin və hisə verilmiş qidaların, alkoqollu içkilərin istifadəsini azaltmaq lazımdır. Onlar baş dərisində yağ vəzılərinin işini pozmaqla yanaşı, göbələyin inkişafı üçün əlverişli şərait yaradır. Qida rasionu əsasən vitaminlərlə zəngin meyvə-tərəvəz, digər bitki mənşəli məhsullar və süd məhsulları ilə zəngin olmalıdır. B qrup vitaminlərlə və bitki lifləri ilə zəngin məhsulların qəbuluna üstünlük verilməlidir. Qızardılmış yeməklərdən imtina etmək, daha çox suda və buxarda bişmiş yeməklərlə qidalanmaq lazımdır.
• Əgər kəpəklənməyə səbəb su-mineral balansının pozulmasıdırsa bu zaman gündəlik bol miqdarda maye (çay, meyvə şirələri, mineral su) qəbul etmək lazımdır.
• Mütəmadi idmanla məşğul olmaq və lazımi qədər yatmaq lazımdır.

Kəpək əleyhinə şampunlarının iki növü var:
Birinci növə gündəlik şampunlar aiddir. Bu şampunlar daim istifadə oluna bilər. Onları mağazalardan və apteklərdən almaq olar. Çox hallarda insanlar bu şampunların vasitəsilə kəpək problemindən xilas olur.
Arganvita şampunları bu qrupa aiddir. Arganvita şampunlarının tərkibində ən qiymətli bitki yağı olan natural arqan yağı, 10-a qədər bitki ekstraktı və provitamin B5 vardir. Bu şampunlar həm kəpək əleyhinə, həm saçtökülmə əleyhinə və həm də uşaqlar üçün nəzərdə tutulmuşdur.
Əgər bu tip şampunlar kəpəklənməni aradan qaldırmırsa deməli baş dərisində göbələyin kəskin forması və ya seboreya xəstəliyi vardır.
İkinci növə xüsusi kimyəvi tərkibli müalicəvi şampunlar aiddir.
Əgər başda göbələyin kəskin forması və ya seboreya xəstəliyi varsa mütləq tərkibində göbələkəleyhinə maddələr - Ketokonazol (Nizoral), Selenium sulfid (Sulsena) olan müalicəvi şampunlardan istifadə etmək lazımdır. Onların fərqli növləri yalnız apteklərdə satılır.
Bu şampunlar müalicəvi məqsədlə 4-5 həftə ərzində həftədə 2 dəfə, sonra 3-4 həftə ərzində həftədə bir dəfə, daha sonra isə 4-6 həftə 2 həftədə bir dəfə olmaqla istifadə edilir. Saçları yuduqda müalicəvi şampunu 5 dəqiqə ərzində başda saxlamaq və sonra yumaq lazımdır. Digər günlərdə saçları adi şampunla yumaq olar.
Kəpək mövsümi olaraq yenidən əmələ gələrsə müalicə kursunu təkrarlamaq olar. Əgər hər hansı daxili xəstəlik səbəbilə müalicə effekt vermirsə ilk növbədə xəstəliyi müalicə etmək lazımdır. Eyni zamanda fizioterapevtik prosedurlar təyin edilə bilər.
Fizioterapevtik prosedurlardan biri də kriomassajdır. Kriomassaj zamanı baş dərisinin qan damarları növbə ilə daralıb-genişlənərək saç follikullarının mikrosirkulyasiyasını və qidalanmasını yaxşılaşdırır. Nəticədə yerli immunitet artır, göbələyin fəaliyyəti ləngiyir və kəpək simptomları aradan qalxır. Həm də kriomassajdan sonra istifadə olunan maddələr dəridən daha asan sorulur və effekt daha yaxşı olur.
Nəzərə almaq lazımdır ki, kəpəklənmə həm də psixoloji problem sayılır və daimi stress buna mənfi təsir edir. Müalicəvi şampunlarla birlikdə fizioterapevtik prosedurların aparılması həm kəpəklənmənin qarşısını alır, həm də əsəb gərginliyini azaldır.
Kəpəklənmə insanlar üçün təhlükəli bir xəstəlik deyil və asanlıqla müalicə olunur. Ancaq kəpəklənmə kəskin xarakter alarsa özünümüalicəyə yol vermək olmaz və dermatoloqla məsləhətləşmək lazımdır. Belə ki, səhv şampun seçimi, müalicəsi daha çətin olan seboreyaya səbəb ola bilər.


